Döyüş təyyarələrin alınmasında 2 mühüm element
Mövcud prosesdə Türkiyə HHQ-nin döyüş təyyarəsi tədarükündə iki həlledici məsələyə diqqət yetirilməlidir. Birincisi, Ankaranın yeni döyüş təyyarələri üçün hansı satınalma modelini mənimsədiyi və bu modelin hazırda izlənilən satınalma strategiyasına uyğun olub-olmadığıdır. Məsələn, “ağıllı tədarük”, “lisenziya altında istehsal”, yoxsa “texnologiya transferi” ehtiva edən “birgə istehsal”a üstünlük verilməsi ön plandadır? Türkiyənin uzun illər xaricdə qrantlar və hazır alışlar yolu ilə həyata keçirilən satınalma təcrübəsi 1970-ci illərin sonunda pozulub.
Bildiyiniz kimi, ABŞ-nin 1964-cü il Conson məktubundakı təhdid tonu 1974-cü il Kipr Sülh Əməliyyatından sonra cəzaya çevrildi və Türkiyə 1975-1978-ci illəri silah embarqosu altında keçirdi. Bu səbəblə əvvəlcə Hava Qüvvələrinin Gücləndirilməsi Fondunun, daha sonra isə fond və dövlətin ortaqlığı ilə 1784 saylı qanunla qurulan TUSAŞ sözün əsl mənasında “aviasiya sənayesində müstəqillik” axtarışının məhsuludur.
Əslində, Türkiyə HHQ-nin döyüş təyyarəsi tədarükü proqramı TUSAŞ-ın aktiv fəaliyyət göstərdiyi Saim Dilek dövründə (1978-1988) həyata keçirilib. TUSAŞ-ın baş direktoru Dilek Türkiyənin döyüş təyyarələrinin “lisenziyalı” və “ortaq istehsal” istisna olmaqla tədarük edilməməsi mövzusunda qətiyyətli və israrlı mövqeyi ilə Türkiyəyə embarqo qoyan ABŞ-ni belə F-16 ortaqlığına inandırıb. TUSAŞ-ın o dövrdə birgə istehsal üçün qurduğu TAI və TEİ şirkətlərinin təyyarə və mühərrik fabriklərində canlanan F-16C/D döyüş təyyarələri müəyyən texnologiya transferi ilə birlikdə Türkiyə aviasiyasına əhəmiyyətli bilik və təcrübə gətirdi.
Əslində TUSAŞ F-16 və daha sonra “Casa”, “Cougar” və A400M kimi həyata keçirdiyi fərqli layihələr sayəsində bu gün “Hürkuş”, “Hürjet”, “Atak”, “Anka”, “Aksungur” və Milli Döyüş Təyyarəsi (MMU) kimi aviasiya sənayesində məhsul çeşidini genişləndirmək bacarığı və özünə inam qazanıb. Ona görə də bu gün Ankara təkcə hansı ölkədən hansı təyyarəni alacağına deyil, həm də bu təyyarəni necə və hansı şərtlərlə tədarük edəcəyinə çox ciddi qərar verməlidir.
İkincisi üstünlük verilən təchizat strategiyasına razılıq verəcək ölkələri və şirkətləri müəyyən etmək və inandırmaqdır. Əvvəla, təyyarə satışını təsdiq edəcək dövlət aktorunun müdafiə sənayesində alıcı ölkə ilə əməkdaşlıq etməsinə mane olacaq xroniki siyasi problemlərin olmaması vacibdir. Aldığınız təyyarə ən azı 30 il inventarınızda qalacağı üçün texniki xidmət, təmir, ehtiyat hissələri, modernləşdirmə və buna bənzər səbəblərlə 30 il ərzində təyyarənin mənbə ölkəsi ilə dialoqu davam etdirməyiniz vacibdir.
Bu kontekstdə, “dövlətlər”, “istehsalçılar” və “istifadəçilər” arasında təyyarənin ömrü boyu fasiləsiz avadanlıq, texniki dəstəyin təmin edilməsi və həyat dövrü dəyəri kimi uzunmüddətli məcburi məsələlər mövcuddur. Odur ki, iki ölkə arasında siyasi münaqişələr yaranarsa, tədarükçü ölkənin satdığı məhsula açıq və ya gizli embarqolar qoyması ehtimalı yüksəkdir. Türkiyə onsuz da bu mövzuda çox səs-küy salan bir ölkədir. Keçmişdə ABŞ-dən Almaniyaya, Finlandiya və İsveçdən Avstriya və Kanadaya qədər bir çox ölkə maraqları ilə üst-üstə düşməyən hər qərarında Ankaraya silah embarqosu qoyub.
Digər tərəfdən, təyyarənin satın alınması təkcə təyyarənin gövdəsi, mühərriki və sursatının alınması deyil. Əksinə, aldığınız döyüş təyyarəsi ilə o ölkənin müharibə anlayışını, praktikasını və ən əsası doktrinasını öyrənirsiniz. Sadə bir misal deyim ki, 2 il boyunca yetişdirdiyiniz F-16 və ya F-35 pilotunu ertəsi gün “Su-57” və ya J-20 döyüş təyyarəsinə mindirib, ondan hava əməliyyatları həyata keçirəcəyini gözləyə bilməzsiniz.
Burada misal mütləq fərqli əməliyyat konsepsiyalarına və hərbi doktrinalara malik olan ABŞ, Rusiya və Çin kimi ölkələr ola bilməz. Avropa bazarı içərisində yer alan İsveçin “Saab” şirkətinin istehsal etdiyi JAS 39 “Gripen” və Fransanın “Dassault” şirkətinin istehsal etdiyi “Rafale” eyni konsepsiya və konfiqurasiyaya malik deyil. Ona görə də Türkiyənin ABŞ-dən almaq üçün 40 ədəd yeni “Block 70” F-16 döyüş təyyarəsi seçməsi də konsepsiya və doktrina seçimidir. Başqa sözlə, Ankara F-16 tələbi ilə Türkiyə HHQ və ümumilikdə Türkiyə Silahlı Qüvvələri üçün “standartlaşdırma”nın qorunub saxlanmasına üstünlük verən seçim edib.
Bundan əlavə, Ankaranın təchizat modeli seçiminə razılıq verəcək ölkə və şirkətin seçilməsi çox mühüm mərhələdir. Çünki tədarükçünü ölkəyə inandırmaq istehsalçını inandırmaq demək deyil, hər hansı şirkət tərəfindən qəbul edilən təchizat proqramını həmin dövlətin təsdiq etməsini gözləmək mümkün deyil. Dövlətlərin hazırladıqları 5-ci və hətta 6-cı nəsil döyüş təyyarələrində sahib olduqları yüksək texnologiyanı başqa ölkələrlə paylaşmağa həvəsli olmayacaqları açıq-aşkardır.
Başqa sözlə, lisenziya əsasında istehsal və ya texnologiya transferinin olub-olmaması, bunların hansı əsas və alt komponentləri əhatə etdiyi və əməkdaşlığın hansı səviyyədə nəzərdə tutulduğu hərtərəfli araşdırılmalıdır. Buna görə də hansı təchizat modelinin tətbiq ediləcəyi, bu modeldə iş paketində məhsulun tərifi, istehsal prosesi, məsrəf maddələrinin təsnifatı, ümumi dəyərin çıxılması və proqnozlaşdırılan tədarüklərin vaxt miqyasında paylanması kimi nə qədər detalın proqnozlaşdırıldığı son dərəcə vacibdir. Əks halda, təchizat proqramının istehsalçı və istifadəçi tərəfləri ilə əsas podratçılar və subpodratçı şəbəkəsi arasında koordinasiya və əməkdaşlığı təmin etmək mümkün deyil.
Məsələn, xaricdən 100 döyüş təyyarəsi sifariş verməklə bu 100 döyüş təyyarəsini lisenziya ilə Türkiyədə istehsal etmək və ya texnologiya transferi yolu ilə birgə istehsal etmək arasında ciddi xərc fərqi var. Sadə dillə desək, lisenziyalı və birgə istehsal həm də daha böyük kapital tələb edən və prosesə çoxaktorlu strukturları cəlb edən uzunmüddətli yeni investisiyalar deməkdir. Bununla belə, bu gün Türkiyədə hərtərəfli aviasiya sənayesi, texnoloji “nou-hau”, inkişaf edən alt sənaye və təlim keçmiş kadrlar var. F-16 layihəsində olduğu kimi, müdafiə sənayesində müştərək istehsal və təchizatla bağlı əsas razılaşmalar dövlətdən-dövlətə aparılarsa, həm xərclərin azaldılması, həm də tədarükün davamlılığı təmin ediləcək.
Döyüş təyyarəsi diplomatiyasında boz sahə
Yuxarıda göstərilən şəklə baxsaq, Ankaranın döyüş təyyarəsi diplomatiyası hələ də boz bir sahədədir və “Eurofighter Typhoon” macərası üçün təlatümlü bir mənzərə təqdim edir. Birincisi, Ankaranın döyüş təyyarəsi satınalma modeli və ilkin layihənin tərifi və əhatə dairəsi tam aydın deyil. Əgər Türkiyə 2000-ci illərin əvvəllərində dəvət olunanda “Eurofighter” layihəsində iştirak etsəydi, hazırda 33 faiz Britaniya, 33 faiz Almaniya, 13 faiz İspaniya və 21 faiz İtaliyadan ibarət Avropa Konsorsiumu ilə fərqli bir tərəfdaşlıq və dialoq prosesinə şahidlik edərdik. O zaman Ankara 4-cü nəsil “Eurofighter” əvəzinə ABŞ-nin 5-ci nəsil F-35-lərinə üstünlük verdi, lakin iki ölkənin xarici, təhlükəsizlik və müdafiə siyasətlərindəki maraqlarının toqquşması Ankaranı S-400 almağa məcbur etdi, bu isə Vaşinqtonu Türkiyənin F-35 proqramından çıxarmaq və sanksiya tətbiq etmək qərarına gətirdi.
Ancaq indiki mərhələdə Türkiyənin təhlükəsizlik narahatlığı təkcə ABŞ ilə deyil, Almaniya ilə də bağlıdır. Hələ Berlindən “Türkiyəyə satışı rədd edirik” kimi rəsmi açıqlama gəlməsə də, həmişə olduğu kimi uzun siyahıda sadaladıqları təhlükəsizlik səbəblərinə əsaslanaraq, məsələni komissiyaya çıxarmağa belə cürət etmədiklərini söyləmək olar. Əslində qeyd etmək lazımdır ki, Almaniya xüsusilə gizli və dolayı embarqo strategiyası ilə Türkiyənin müdafiə sənayesinin embarqo tarixində ABŞ-dən sonra birinci dərəcəli rol oynayıb.
Bu nöqteyi-nəzərdən Böyük Britaniya, İspaniya və Almaniyanın Ankaranın tələb və şərtlərini qəbul edib-etməyəcəyi bəlli deyil, çünki hələlik təchizat modeli və ya təklif sorğusu məktubu (LOR) yoxdur. Digər tərəfdən, Britaniya və İspaniyanın Almaniyanı razı salmaq üçün irəli sürəcəyi “şərtlər”ə Ankaranın razı olub-olmayacağı bəlli deyil. Məsələn, bir tərəfdən Türkiyəyə “Eurofighter”ləri satmaq, digər tərəfdən “Eurofighter”lərə əməliyyat məhdudiyyətləri tətbiq etmək kimi məsələlər Türkiyənin hazırda öz sərhədlərindən kənarda həyata keçirdiyi antiterror əməliyyatlarının pozulacağı anlamına gəlir. “Eurofighter” tədarükünün başqa bir ölçüsü çəkindirmə məsələsidir.
Bildiyiniz kimi, Türkiyənin Afinanın bu yaxınlarda aldığı 24 ədəd “Rafale” və 2027-ci ildə tamamlanması planlaşdırılan 83 ədəd F-16 modernləşdirməsinə qarşı “Eurofighter” alaraq, hava gücünü tarazlaşdırmağa çalışdığını söyləmək mümkündür. Ancaq nəzərə almaq lazımdır ki, Afina təkcə “Rafale” və F-16 döyüş təyyarələri ilə kifayətlənməyib və 20 ədəd F-35 sifariş verib.
Ola bilər ki, Ankara Britaniya ilə strateji tərəfdaşlığını daha da dərinləşdirsin və “Eurofighter”ə üstünlük verərək, “BAE Systems”in 6-cı nəsil döyüş təyyarəsi layihəsi olan “Tempest”ə keçsin. Bununla belə, istənilən halda London üçün həm “Eurofighter”, həm də “Tempest” layihələrində alman maneəsini aşmaq mütləqdir. Almaniya ilə müqayisə etdikdə, Avropa İttifaqından (Aİ) ayrılan və aviasiya sənayesi layihələrinin davamlılığı üçün böyük kapitala ehtiyacı olan Böyük Britaniyanın Türkiyə ilə əməkdaşlığa daha açıq olacağı və ən azından Ankaraya Berlin qədər problem yaratmayacağı aydındır.
Üçüncüsü, Ankaranın xaricdən hazır döyüş təyyarələrinin alınmasına, döyüş təyyarələrinin modernləşdirilməsinə və daxili inkişaf layihələrinə nə qədər kapital ayıracağı məsələsi ön plana çıxır. Məsələn, Türkiyə HHQ-nin çəkindirici gücünü artırmaq istəyən Ankaranın “Tempest” layihəsində “alt sistemlər” sahəsində tərəfdaş kimi qəbul ediləcəyi fərz edilsə, bu, şübhəsiz ki, TUSAŞ-ın hazırda inkişaf etdirdiyi MMU “Kaan” üçün mühüm bilik və təcrübə qazancı olacaq. Bununla belə, iki strateji layihənin eyni vaxtda maliyyələşdirilməsi düşündürücüdür, çünki bu, çiyinlərə əlavə xərc yükü qoyur. Bu baxımdan Ankaranın HHQ-nin inventarını modernləşdirərkən və zənginləşdirərkən reallaşdırıla bilən xərc-fayda hesablaması aparması vacibdir.
Nəticə etibarilə Ankara döyüş təyyarəsi diplomatiyasını yuxarıda qeyd etdiyimiz siyasi, hərbi, iqtisadi, texnoloji və kommersiya ölçüləri ilə qiymətləndirir. Şübhəsiz ki, aviasiya sənayesində müstəqillik əldə etmək hər platforma və hər nəsil üçün qısa və orta müddətdə mümkün deyil. Xüsusilə 5-ci nəsil döyüş təyyarəsi kimi strateji platformaların inkişaf etdiriləsində tək dövlət dəstəyinin yetərli olmadığı, konsorsiumlar və ya beynəlxalq əməkdaşlıqlar vasitəsilə həyata keçirilən tərəfdaşlıqların mühüm nailiyyət olduğu da nəzərdən qaçırılmamalıdır.
Digər tərəfdən Ankaranın 2 ildən artıqdır ki, Konqresdən modernləşdirmə qərarını gözlədiyini və hər dəfə fərqli şərtlərin qoyulduğunu nəzərə alsaq, tək mənbədən asılılığın da böyük təhlükəsizlik boşluğu yarada biləcəyini nəzərə almaq lazımdır. Ancaq unutmaq olmaz ki, tək tədarük mənbəyindən asılılığın yaratdığı təhlükəsizlik boşluğunu aradan qaldırmaq üçün çox fərqli və müxtəlif tədarükçülərə müraciət olunarsa, standartlaşma itkisi qaçılmaz olacaq.
Dəyanət Ağalarlı
Ordu.az